|

Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 103,8 min nəfərdir (01.01.2009). Mərkəzi Kürdəmir şəhəridir.
Relyefi düzənlikdir. Ərazisinin çox hissəsi dəniz səviyyəsindən aşağıdadır.

MÜASİR KÜRDƏMİR.
Əsasən kənd təsərrüfatı rayonudur. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, habelə üzümçülük, bostançılıq və baramaçılıq mühüm yer tutur. Rayonda quşçuluq və maldarlıqla məşğul olurlar. Burada şərab və asfalt zavodları, məişət xidməti kombinatı, respublika əhəmiyyətli iri un kombinati var. Rayonun ərazisindən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 43 km (III dərəcəli), Ələt – Qazıməmməd-Kürdəmir-Yevlax yolunun 42 km (II dərəcəli), Bakı-Tbilisi baş dəmir yolunun 44 km hissəsi keçir.
Kürdəmir rayonunda 3 iri dövlət müəssisəsi və 10 iri özəl müəssisə fəaliyyət göstərir.

RAYONUMUZUN ABİDƏLƏRİ.
Rayonda dövlət qeydiyyatına götürülmüş, ərazi icra nümayəndəlikləri tərəfindən mühafizə edilən Sığırlı kənd ərazisində ilkin orta əsrlərə aid "Qaratəpə" və Ərəbqubalı kəndi ərazisində isə ilkin orta əsrlərə aid edilən "Şəhərgah" tarixi abidələri mövcuddur. Bundan əlavə Muradxan və Şilyan kəndlərdində mühafizə edilən tarixi abidələrdə mövcuddur ki, hər iki abidə dövlət qeydiyyatına alınmışdır. Kürdəmirdə tapılmış dəyərli tapıntılardan biri də 2010-cu ildə rayonunun Muradxan kəndi ərazisində rayon Suvarma Sistemləri İdarəsinə məxsus ekskavatorla kanal qazılarkən tapılmış nadir pul dəfinəsidir. Mütəxəssislər tərəfindən hadisə baş verən əraziyə baxış keçirildi.
|